only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI   C. Sen. 03, 2010 5:28 am

ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI

Bu
şəxsin portreti insanların yaddaşında belə qalıbdır: dəlicəsinə
qışqırıq, pafoslu, emosiоnal və kəsik-kəsik nitq, qəfil jestlər.

Bəli bu, II Dünya müharibəsinin məşhur şəxsi, adı tarixə düşən, XX əsrdə haqqında ən çox bəhs edilən liderlərdən biri
Adolf Hitlerdir. Əsl soyadı Şiklqruber (Schicklgruber)
olan Adolf1 20 aprel, 1889-cu ildə Avstriyanın Braunau şəhərində
gömrükxana məmuru Alois Hitlerin ailəsində dünyaya gəlmişdir.

Məktəb illəri uğursuz və təmbəlliklə keçdiyindən orta təhsilini tamamlaya bilməmişdir. Hitler
“Mein Kampf (“Mənim mübarizəm”) əsərində2 bu illərini belə xatırlayır:
“Atama
görə mənə uyğun olan məktəb Realschule3 idi. O, mənim asan və gözəl
rəsim çəkdiyimi görür, Avstriya liseylərində bu məsələyə çox önəm
verilmədiyini deyirdi... Əslində o, (Hitlerin atası-Y.X.) hökmünü
vermişdi: Oğlu da özü kimi məmur olacaqdı... Həyatımda ilk dəfə 11
yaşımda olarkən müxalifətə keçdim. Atam layihələşdirdiyi planları
həyata keçirmək üçün qərarlı və əzmli olsa da, oğlu da bəyənmədiyi bu
fikri rədd etməkdə ən az onun qədər inadcil idi. Məmur olmaq
istəmirdim... Usta bir rəssam olmalıydım... Realschuledə heç bir uğur
göstərmədiyim təqdirdə, atamın məni xəyal etdiyim səadətə qovuşmaq üçün
sərbəst buraxacağını zənn edirdim... Xoşuma gələn və irəlidə rəssam
olaraq faydalana biləcəyim dərsləri oxuyur, məni maraqlandırmayan və
lüzumsuz saydığım dərsləri isə qəsdən oxumurdum... Burada “əla” və
“yaxşı” qiymətlərlə yanaşı, “kafi” və hətta “qeyri-kafi” qiymətlər də
alırdım. Ən çox uğur qazandığım dərslər tarix və coğrafiya idi. Çox
sevdiyim bu iki dərsdə sinif birincisi mən idim... Yaşım irəlilədikcə
memarlığa daha yaxın bir maraq duymağa başladım... Atam vəfat edərkən
on üç yaşında idim... Anam tərbiyəmə atamın arzusuna uyğun olaraq davam
etməyi qərar vermişdi,yəni məmur olmağımı istəyirdi. Mən isə məmur
olmamaq üçün hər zamankından daha əzmli və qəti qərarlı idim…
Birdənbirə bir neçə həftə çəkən ciyər xəstəliyinə tutuldum və bu hadisə
bütün ailə anlaşmazlığına son qoydu. Belə ki, həkim, anama irəlidə məni
heç bir zaman bir biroya “həbs etməməsi” vacibliyini dedi və
Realschuledəki təhsilimə ən az bir il fasilə verməyimi tövsiyə etdi...
Xəstəliyim ucbatından anam Realschuledən ayrılıb akademiyaya girməyimə
icazə verdi”.

Atasının
vəfatından bir neçə il sonra isə anasını (Klara Pölzl) itirən Adolf
uşaqlıqdan arzu etdiyi rəssamlıq sənətinə yiyələnmək üçün təhsil
ardınca Vyanaya gedir. Burada o, Gözəl Sənətlər Akademiyasına qəbul
imtahanlarına iki dəfə qatılsa da, uğur qazana bilmir. Vyanada yaşadığı
illər Hitler üçün iztirab və səfalət illəri olur. Hitler
“Mein Kampf” əsərində bu haqda yazır: “Bu
gün belə onun (Vyananın- Y.X.) adı mənə sıxıntı ilə keçən beş illik acı
xatirələrdən başqa bir şeyi ifadə etmir. Bu beş il içində əvvəlcə fəhlə
olaraq işə başladım. O qədər az pul qazanırdım ki, bununla qarnımı belə
doyura bilmirdim. O günlərdə hər zamankından daha çox şey öyrənmişdim.
Memarlığım və çox nadir hallarda getdiyim opera ziyarətlərimdən başqa,
ac qalma bahasına aldığım və aclığımın meyvəsi olaraq gündən günə artan
kitablarımdan başqa heç bir əyləncəm yox idi...Işimdən artıq qalan
bütün vaxtımı yalnız oxumağa və araşdırmağa ayırırdım. Beləliklə, bu
illərdə (Vyana illərində-Y.X.) əldə etdiyim məlumatlardan bu gün belə
yararlanıram.”


Hitler Vyanada yaşadığı illərdə Georg
fon Schönererden ve Karl Luegerin lideri olduğu Avstriya
Xristian-Sosial Partiyasından təsirlənmişdir.4 Məhz bu illərdə o,
Marksizm ideyalarına və yəhudilərə qarşı sonsuz nifrət hisslərinə
yiyələnərək qatı antisemitizm5 tərəfdarı olmuşdur. Hitler
“Mein Kampf” əsərində bu haqda belə yazır :
“...o zamankı aksiomamın sarsılmaz təməli olan ümumi nəzəriyyə və
görüşlər məndə o günlərdə (Vyana illərində-Y.X.)təşəkkül tapdı. O
gündən bəri bu nəzəriyyə və görüşlərə çox az şey əlavə etdim, amma
əsaslı heç bir şey dəyişdirmədim. Əksinə bunlara bağlı qaldım”.


Hitler
1912-ci ildə Münxenə köçmüşdür. O, I Dünya müharibəsi başlanarkən
könüllü olaraq alman ordusu sıralarına daxil olaraq Bavar Piyada
Alayında yefreytor rütbəsi ilə bütün müharibə müddətində ön cəbhədə
vuruşmuşdur.

Müharibədə iki dəfə yaralanmış və göstərdiyi qəhrəmanlıqlara görə
“Dəmir xaç nişanı” ilə
mükafatlandırılmışdır. Müharibədən sonra orduda təbliğatçı kimi
bolşevizmə qarşı mübarizə aparmaq və Alman milliyətçiliyini yaymaqla
vəzifələndirilmişdir. 1919-cu ilin payızında, Hitler ordudakı
vəzifəsindən ayrılıb A.Drekslər tərəfindən yeni yaradılan
“Alman Fəhlə Partiyası”na
daxil edilir və bu partiyanın təbliğatı ilə məşğul olur. Bir il sonra
isə partiyanın adı Nasional- Sosialist Alman Fəhlə Partiyası6 olaraq
dəyişdirilir. Bu partiya öz gücünü göstərmək üçün qurduğu SA
(Sturmabteilung) təşkilatı ilə sosialist və kommunistlərin iclaslarına
təcəvüzkar hücumlar edirdi. Partiyanın güclənməsinin səbəbini Hitlerdə
görən rəhbərlik onu 1921-ci ildə partiya rəhbərliyinə gətirdi. Hitler,
rəhbər vəzifəyə gələn kimi mətbuat vasitəsi ilə, eləcə də təşkil etdiyi
mitinqlərlə ardıcıl bir təbliğat fəaliyyətinə başladı. Partiya
rəhbərliyinə güclü şəxsiyyətlər gətirən Hitler, bu şəxsi heyət ilə
dövlət idarəçiliyini ələ keçirməyi planlaşdırırdı.1923-cü ilin noyabr
ayında Münxendəki bir pivəxanada etdikləri yığıncaqda dövlət çevrilişi
etmək fikri ortaya atıldı və ertəsi gün bu məqsədlə başladılan yürüş
polis tərəfindən dağıdıldı7 və partiya başçıları ilə birlikdə Hitler də
həbs edildi. Landsberq həbsxanasında aktiv siyasi fəaliyyətdən məhrum
olan Hitler iki cilddən ibarət
“Mein Kampf” (“Mənim mübarizəm”) adlı
əsərini sadiq dostu Rudolf Hessə diktə edərək yazdırmışdır. Bu əsər
tarixə Alman faşizminin ideoloji və siyasi proqramı kimi daxil
olmuşdur. Həbsdən buraxıldıqdan sonra Hitler, əvvəlki gücünü itirməkdə
olan partiyasını yenidən ayağa qaldırmaq üçün güclü və sağcı bir
hökümət qurulmasını arzulayan iş adamlarının maliyyə dəstəyinin köməyi
ilə işsiz və az gəlirli almanların bu partiyaya daxil olmasına nail
olur. Mövcud hökümətin daxili siyasətindəki uğursuzluqlar isə bu
partiyanın seçkilərdə müvəffəqiyyət qazanmasına əlverişli şərait
yaradır. Belə ki, 1930-cu il sentyabr seçkilərində onun partiyası
6.407.000 (18,3 %) səs toplayır və parlamentdəki təmsilçilərini 12-dən
107-yə qaldırır. 1932-ci ilin yazında keçirilən seçkidə пrezident
seçilən I Dünya mühabibəsinin məşhur şəxlərindən feldmarşal Paul fon
Hindenburqdan8 sonra Hitler topladığı səslərə görə ikinci şəxs olur.
1933-cü il yanvar ayının 30-da prezident Hindenburq Hitleri Reyx
kansler təyin edir. Hitler bu vəzifəyə gələn kimi ilk iki ilini güc
orqanlarını öz əlində birləşdirməyə həsr edir. Belə ki, o, bir neçə
nasisti-Hermann Goringi Prussiyanın daxili işlər naziri, Wilhelm
Fricki- Mərkəzi hökümətin daxili işlər naziri və dostu Werner fon
Blombergi müdafiə naziri təyin edərək surətli şəkildə idarəni öz əlinə
alır. Bu illərdə Hitler parlamentin fəaliyyətini dayandırır. O, 27
fevral 1933-cü ildə öz adamları tərəfindən yandırılan Reyxstaq
binasının yanğınının cavabdehliyini kommunistlərin boynuna atır və
hətta bununla bağlı 1933-cü ilin sentyabrından dekabrınadək Leypsiqdə
qondarma mühakimə prosesi keçirilir9. 1933-cü il 28 fevralda faşist
hökümətinin təklifi əsasında prezident Hindenburq
“Xalqı və dövləti müdafiə etmək” adlı
fövqəladə fərmanla Veymar Konstitusiyasının10 təsbit etdiyi bütün
azadlıqları ləğv edir.Ölkədə Nasist Partiyasından başqa bütün siyasi
partiyalar qadağan olunur. 1933-cü ilin martında federativ dövlətin
tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətı ləğv olunur. Bu
illərdə kütləvi həbslər həyata keçirilir. SA-ların ölkədəki
fəaliyyətindən narazı olan ordunun dəstəyini almaq istəyən Hitler, 29
iyun 1934-cü ildə SA-ların qurucusu Ernst Röhm, köməkçisi Edmund Heinks
və Gregor Strasser, Kurt fon Schleicher və bəzi siyasi rəqiblərini
öldürtdürür. Beləliklə, tarixə “uzun bıçaqlar gecəsi” kimi düşən bu
gündən sonra ordu komandirləri rahat nəfəs alır və Hitler də SA-lardan
qurtulmuş olur. 2 avqust 1934-cü ildə prezident Hindenburqun ölümündən
sonra Hitler bütün hakmiyyəti əlində cəmləşdirdi və ölkədə
avtoritar-faşist diktaturası yaratdı11. Hitlerin rəhbərliyi dövründə
Almaniyada SS-lər12 (Schutz Staffel), gizli polis təşkilatı
“Gestapo”13
yaradıldı. Bununla da Almaniyada polis dövləti formalaşdırıldı.
Iqtisadiyyata və mədəniyyətə rəhbərliyi faşist diktaturası öz əlinə
aldı. Ölkədə sərt mərkəzləşmə tətbiq olundu. Təsərrüfatın işini
tənzimləyən Baş Şura yaradıldı. Hərbi Sənaye Kompleksinin surətlə
inkişaf etdirilməsi prosesi başlandı. Almaniyanın I Dünya müharibəsində
məğlubiyyətinin məsuliyyəti yəhudilərin üzərinə qoyuldu. 1933-cü ilin
yazından etibarən yəhudilərə məxsus olan müəssisələrin baykot
edilməsinə başlanıldı. 1935-ci ildə yəhudiləri alman vətəndaşlığından
məhrum edən və onların dövlət orqanlarında vəzifə tutmalarını qadağan
edən bir neçə qanun qəbul еdildi. Nurunberq qanunları ilə yəhudilərin
almanlarla evlənmələri qadağan edildi. Yəhudilər universitetlərdən
qovuldular, onların sərbəst peşə ilə məşğul olmalarına maneçilik
törədərək gettolarda14 yaşamağa məcbur edildilər. Bütün mülkiyyətləri
əllərindən alınan yəhudilərin böyük bir qismi “SS”lərin rəhbərlik
etdiyi qiyamla məhv edildi15. Nasionalist ideologiyası ilə silahlanan
“Hitler gəncliyi” adlı bir təşkilat yaradıldı.

Hitlerin əsl məqsədi
“Ari irq”
olaraq səciyyələndirdiyi Alman irqini digər irqlərə hökmran etmək idi.
Onun “dəyərsiz xalqları” əsarət altına almaq və qırmaq istiqaməti
götürmüş işğalçılıq proqramı Polşanı məhv etməyi, Ingiltərəni
sıxışdırıb Avropa kontinentindən çıxarmağı, Fransanı işğal etməyi,
Avropanın təbii sərvətlərinə yiyələnməyi, almanlara rahat və geniş
ərazilər təklif etmək məqsədilə şərqə doğru hərəkət etməyi, Sovetlər
Birliyini məhv edərək onun ərazisində “yeni həyat sahəsi” bərqərar
etməyi nəzərdə tuturdu.

Hitler, I Dünya müharibəsindən sonra
imzalanan və Almaniyanı alçaldıcı vəziyyətə salan Versal müqaviləsini
pozaraq yeni bir ordu qurmağa başladı.16 Bundan sonra Münxen sazişi ilə
müstəqil dövlət kimi ləğv olunan Çexoslovakiya nasistlər tərəfindən
işğal olundu. 1939-cu ilin mayında Hitler və Mussolini17 tərəfindən
hərbi-siyasi ittifaq haqqında “Polad paktı” imzalandı. 1939-cu il
avqustun 23-də Hitler Almaniyası SSRI ilə bir-birinə qarşı on il
müddətinə hücum etməmək haqqında müqavilə bağladılar.18 Ingiltərə və
Fransanın Polşaya real kömək etməyəcəyinə əmin olan Hitler Almaniyası
1939-cu il sentyabrın 1-də onun üzərinə hücuma keçərək işğal edir. Eyni
ilin sentyabrın 3-də isə İngiltərə və Fransa Almaniyaya müharibə elan
edir və bununla da II Dünya müharibəsi başlanır. Hitler qoşunları
1940-cı il aprelin 9-da Danimarka, iyunun 10-da Norveç, həmin ilin
mayında isə Hollandiya, Belçika və Fransa üzərinə hücum edib bu
ölkələri işğal edir. Daha sonra nasistlər 1940-cı ilin iyulundan
payızın axırlarınadək ingilis şəhərlərini vəhşicəsinə bombardman edir.
Hitler Almaniyası 1940-cı il sentyabrın 22-də İtaliya və Yaponiya ilə
üçtərəfli hərbi-iqtisadi ittifaq haqqında müqavilə bağladı. 1940-cı
ilin oktyabrında faşistlər Rumuniyaya daxil oldular, daha sonra
Macarıstanı özlərinə tabe etdilər. 1940-cı ilin 18 dekabrından Hitler
tərəfindən “Barbarossa” adlı gizli plan təsdiq edildi ki, bu planda
“Ildırım sürətilə” qələbəyə çatmaq və ay yarım-iki ay ərzində SSRI-ni
darmadağın etmək nəzərdə tutulurdu. Hitlerçilər 1941-ci ilin martında
öz qoşunlarını Bolqarıstana yeritdi. Nəticədə Bolqarıstan üçlər paktına
cəlb edildi. 1941-ci ilin aprelində alman və italyan qoşunları
parçalanmış vəziyyətdə olan Yuqaslaviya və Yunanıstanı işğal etdi.
1941-ci il 22 iyunda Hitler Almaniyası hücum etməmək haqqında
müqaviləni kobudcasına pozaraq müharibə elan etmədən Sovetlər Birliyinə
hücuma keçdi. Hitler tərəfindən təsdiq edilmiş
“Ost” (“Şərq”) adlanan
baş planda SSRI-nin işğal olunmamış ərazisindəki slavyan əhalinin məhv
edilməsi, Sibirə sürgün edilməsi və almanlaşdırılması nəzərdə
tutulurudu. Müharibənin ilk aylarında Qızıl Ordu surətlə irəliləyən
hitlerçilərin təzyiqi altında bütün cəbhə boyu böyük insan itkisi və
maddi tələfat veməklə geri çəkilməyə məcbur oldu. Hitlerin ölkələri
işğal edərək surətlə irəliləməsindən qorxuya düşən ölkələr antihitler
koalisiyasında birləşməyə başladılar. 1942-ci ilin oktyabrında
ingilislər faşistləri Şimali Afrikada məğlub edərək onların Yaxın Şərq
ölkələri üzərində olan təhlükəsini aradan qaldırdı. 1943-cü ildə Hitler
Almaniyasının Stalinqrad döyüşündə SSRI-yə məğlub olması II Dünya
müharibəsinin gedişində bütün antihitler koalisiyasının xeyrinə əsaslı
dönüş yaratdı. 1943-cü ildə ingilislər Mussolinini məğlubiyyətə
uğradaraq Şimali Italiyanı işğal etdilər. Beləliklə, Almaniyanın
Avropadakı əsas müttəfiqi olan Italiyanın müharibədə məğlub olması ilə
hərbi-faşist blokunun dağılmasının əsası qoyuldu.

Hitlerin
siyasəti Almaniyanı fəlakətə doğru aparırdı. Belə bir şəraitdə bəzi
qruplar Hitlerə sui-qəsd planı hazırlamağa başladılar. Polkovnik Claus
fon Stauffenberq Hitlerin qərargahına bombalı bir sui-qəsd təşkil etsə
də, Hitler bu sui-qəsdən yüngül yaralanaraq xilas oldu.19 Baş tutmayan
sui-qəsddən sonra artıq Hitlerin başı və əlləri əsir, hərəkətlərinə isə
nəzarət etməkdə çətinlik çəkirdi. 1944-cü ilin sonundan etibarən Hitler
artıq dəli olmaq dərəcəsinə çatır. Belə ki, o, tez-tez öz-özünə
danışır, rahat yata bilmir, qışqıraraq tez-tez yuxudan oyanırdı.

1945-ci
ilin əvvəllərində İngiltərə və Fransa qərbdən, Sovetlər Birliyi isə
şərqdən alman torpaqlarına daxil olmağa başladılar. Artıq məğlubiyyət
Hitler üçün qaçılmaz idi. Ətrafındakıların Hitlerə Bavariyadakı
təhlükəsizliyi təmin edilmiş yeraltı bunkerlərdən birinə getməyi təklif
etməsinə baxmayaraq, bəlkə də artıq özlüyündə uduzduğunu anlayan
Hitler, Berlini tərk etmək istəmirdi. O, deyirdi ki, ya düşmən Berlində
məğlub ediləcək, ya da o, özünü güllələyəcəkdir. Berlin bombardman
edilən zaman Hitler zorla da olsa yeraltı bunkerə endirildi. O, artıq
sonunun çatdığını anlayır və bilirdi ki, ələ keçəcəyi təqdirdə onu
dəhşətli bir ölüm cəzası gözləyir. Bundan başqa, Hitler başa düşürdü
ki, onu 1918-ci ildə Versalda bağlanan və Almaniyanı alçaldıcı
vəziyyətə salan sülh müqaviləsi kimi bir müqavilə bağlamağa məcbur
edəcəklər. Bunu isə o, istəmirdi. Maraqlı və qəribə də olsa, Hitler
belə bir vəziyyətdə 28 aprel 1945-ci ildə sevgilisi Yeva Braunla
evlənir. Həmin ilin 30 aprel tarixində isə Hitler nasionalist
rəhbərləri ilə vidalaşaraq öz yerinə Dönitzi təyin edir və arvadı Yeva
Braunla birlikdə intihar edir.

lman xalqı üçün bütün varlığı
ilə xidmət etməyə çalışan Hitlerin nəticədə milyonlarla günahsız
insanın ölümünə səbəb olan fəaliyyətini nəzərdən keçirərkən
istər-istəməz düşünürsən: Alman xalqı üçün Hitler kimdir? Qəhrəman
yoxsa cani?
QEYDLƏR

1.
Bəzilərinin fikrincə, antropoloji sifət quruluşuna görə almanlara
bənzəməyən Hitler özünün hərəkətləri, baxışı, sifətinin cizgiləri ilə
yəhudiləri xatırlatdığından, o, alman deyil, yəhudi hesab olunur.

2. “Kavgam” (“ Mein Kampf”) Türkçeye çevireni Refik Özdek.Istanbul-2002

3. Realschule Avstriyanın Lints şəhərində məktəb idi.

4.
Hitler “Mein Kampf” əsərinin birinci cildinin III bölməsini Vyanada
yaşadığı illərdəki ümumi siyasi görüşlərinə həsr etmişdir. O, bu
bölmədə lider və siyasət haqqında maraqlı fikirlər söyləmiş, Habsburq
sülaləsi haqqında görüşlərini açıqlamış, demoktariyanın ən böyük kəşfi
sayılan parlamenti kəskin tənqid atəşinə tutmuş, Karl Lueger və Georq
Fon Schoenererdən bəhs etmiş və digər məsələlərə də toxunmuşdur.

5.
Antisemitizm - yəhudilərə qarşı milli və dini ayrı seçkiliyin ifrat
formalarından biridir. Hitlerin hakimiyyəti dövründə Almaniya
antisemitizmin mərkəzinə çevrilmişdir.

6. “Mein Kampf” əsərinin
birinci cildinin IX bölməsi Alman Fəhlə Partiyasına, XII bölməsi isə
Nasional Sosialist Alman Fəhlə Partiyasının ilk inkişafı dövrünə həsr
olunmuşdur.

7. Bu hadisə tarix ədəbiyyatında “Pivə qiyamı” adlandırılır.

8.
Paul fon Hindenburq - Almaniyanın hərbi-siyasi və dövlət
xadimidir.1870-1871-ci illərdə Fransa-Prussiya müharibəsində iştirak
etmiş, Almaniyada noyabr inqilabının (1918) yatırılmasına rəhbərlik
etmiş, 1925-ci ildə Veymar Respublikasının prezidenti seçilmişdir.

9.
1933-cü il 27 fevralda G.Görinqin bilavasitə tapşırığı ilə bir dəstə
hitlerçi reyxstaqı yandırır və bunu kommunistlərin üstünə atır. Bununla
bağlı 1933-cü il sentyabrın 21-dən dekabrın 23-dək Leypsiqdə qondarma
məhkəmə prosesi keçirilir və reyxstaqı yandırmaq üstündə saxta ittiham
əsasında kommunistlər təqsirləndirilir. Sonralar Londonda yığılmış
görkəmli hüquqşünasların beynəlxalq komissiyasında təkzibolunmaz
faklarla sübut olundu ki, reyxstaq hitlerçilərin özləri tərəfindən
yandırılmışdır.

0. Almaniyanın Veymar şəhərində Müəssisələr
Məclisi tərəfindən noyabr inqilabı (1918) nəticəsində baş vermiş
dəyişiklikləri özündə əks etdirən konstitusiya qəbul olunmuşdur (31.7.
1919) ki, bu, tarixdə Veymar Konstitusiyası adlanır.

11.
Paradoksal haldır ki, milyonlarla adamın ölümünə göstəriş verən
Hitlerin həyatında bəzi kövrək məqamların olması haqqında məlumatlar
vardır. Belə ki, onu yaxından tanıyanlar Hitlerin adi bir quşun,
heyvanın ölümünə göz yaşları tökdüyünü qeyd edirlər. Hitleri yaxından
tanıyanların bəziləri isə onun əsl centlmen, həssas və qayğıkeş bir
insan olduğunu söyləyirlər.

12. Hitlerin yaratdığı Schutz
Staffelin (mühafizə qrupu) ilk komandiri Julius Schreck, 1926-cı ilin
aprelindən isə Josef Berthold olmuşdur.

13. 1933-cü ildə
yaradılan qısa şəkildə Gestapo adlandırılan Geheime Staatspolizei
Hitler Almaniyasının gizli polis təşkilatı olmuşdur. 1936-cı ildən
Gestaponun başçısı Heinrich Himmler idi. Almaniyanın II Dünya
müharibəsində məğlubiyyətindən sonra 1945-ci ildə ləğv olunan Gestapo,
1946-cı ildə Nurenberqdəki beynəlxalq hərbi məhkəmə tərəfindən
cinayətkar təşkilat hesab olunmuşdur.

14. Getto - orta əsr
Avropa şəhərlərində yəhudilərin məcburi yaşaması üçün nəzərdə tutulan
ərazidir. II Dünya müharibəsi zamanı nasistlər tərəfindən yaradılan,
əslində isə iri həbs düşərgələri olan Gettolarda on minlərlə yəhudi
məhv edilmişdir.

15. II Dünya müharibəsində altı milyondan çox yəhudi nasistlərin irqçilik siyasətinin qurbanı olmuşdur.

16.
Versal müqaviləsinə əsasən Almaniyanın hərbi potensialı
məhdudlaşdırılmışdır. Belə ki, Almaniyada ümumi icbari hərbi
mükəlləfiyyət ləğv olunaraq ona daxilində qayda-qanunu qorumaq
məqəsdilə yalnız könüllülük əsasında toplanmış 100 min nəfərlik quru
qoşunu saxlamağa icazə verilmişdir.

17. Benito Mussolini - İtaliya faşizminin lideri olmuşdur. 1919-cu ilin martında “Faşio di Kombatimento” (“Mübarizə ittifaqı”)
təşkilatı yaratmış, 1922-ci ildə Italiyada hakimiyyətə gəlmiş, 1926-cı
ildə isə ölkədə faşist diktaturası yaratmışdır. II Dünya müharibəsində
Hitlerin ən yaxın müttəfiqi olmuşdur. 1945-ci ilin aprelində Italyan
partizanları tərəfindən edam edilmişdir.

18. Hitlerin bu müqaviləni bağlamaqda məqsədi, Avropanı işğal edib qurtarana qədər SSRI-ni müharibədən təcrid etmək idi.

9.
Hitlerin keçirdiyi ənənəvi tədbirlərin birində onun oturduğu stolun
altına bomba yerləşdirilir. Güclü partlayış onlarca adamın ölümünə və
yaralanmasına səbəb olsa da, Hitlerin bəxti gətirir və sağ qalır.
Sui-qəsddən sonra qəsdçilərdən Kluge və Rommаl intihar edirlər,
Witzleben, Stülpnagel və Canaris isə Hitlerin əmri ilə edam edilir.
Mənbə

1.
Aytunç Altındal. Bilinmeyen Hitler. Yeni Avrasya Yayınları; Ankara ,
2001, 15.5 x 23.5 cm., 254 sayfa, Türkçe, Karton kapak. ISBN No:
9756669012

2. Xəlilov Yunis. Hitler kimdir? “Qeybdən gələn səslər kitabı” (ədəbi almanax). Bakı. “Nurlan” nəşriyyatı. 2004. səh. 228-236.

3. Xəlilov Yunis. Faşizm: dünən və bu gün. “Şaman” qəzeti. № 05, Sumqayıt. 15 sentyabr 2005. səh. 06.

4. [Linkleri görebilmek için üye olun veya giriş yapın.]
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: Şəxsiyyətlər :: Tarixi Şəxsiyyətlər-
Keç: